Türkiyə (türk. Türkiye), rəsmi adı Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti). Paytaxtı Ankara olan Avropa, Asiya və Afrika qitələrinin bir birinə ən çox yaxınlaşdığı nöqtədə yerləşən ölkədir.
Ölkə torpaqlarının böyük hissəsi Anadolu yarımadasında, bir hissəsi isə Balkan yarımadasının çıxıntısı olan Trakiyada yerləşir. Ölkə üç tərəfdən Aralıq dənizi, Qara dəniz və onlar arasında yerləşən Mərmərə dənizi və Egey dənizi ilə əhatə olunur. Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Türkiyə yeddi müstəqil türk dövlətlərindən biridir. Əhalisinin əksəriyyəti İslam dininə inanır. Ölkənin rəsmi dili türk dilidir, lakin əhalinin 15.7 %-ni (ehtimal) təşkil edən kürdlər və zazalar, kürd dili və zaza dilini də geniş işlədirlər.
Ərazi - Asiyanın cənub – qərbində, Qara dəniz və Aralıq dənizi arasında, Anadolu yarımadasında yerləşir. Türkiyə Statistika İnsitutunun məlumatına əsasən daxili su hövzələri ilə birlikdə ölkənin ümumi ərazisi 783562.38 km² təşkil edir ki, bunun da 769603.74 km²-i quru, 13958.64 km²-i isə daxili su hövzələridir.
Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir. Ən uca dağı Ağrı dağı, ən böyük gölü Van gölüdür.
Ölkə 7 bölgəyə və 81 vilayətə ayrılır. Ölkənin şimalında dəniz iqlimi hakimdir, cənubuna Aralıq dənizi iqlimi hakimdir və mərkəz və şərq hissəsində isə quru bozqır tipli kontinental iqlim hakimdir.
Əhali - Türkiyə Statistika Qurumunun 31 dekabr 2016-cü il tarixinə olan rəsmi təxmininə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 79.814.000 nəfərdir .Konda-Araştırma və Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunlarına əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyənin 72.975 milyon nəfər əhalisinin 76 %-ni Anadolu türkləri , 15.7 %-ni Kürdlər və Zazalar, 2.8 %-ni digər türk xalqlarının nümayəndələri , 0.7 %-ni ərəblər , 4.7 %-ni isə digər etnik qruplar təşkil edir .
Dil - Türkiyə Respublikasının rəsmi dövlət dili Türk dilidir. Türkiyə türkcəsi, Azərbaycan türkcəsinə çox yaxındır. Türkiyədə rəsmi olaraq İstanbul şivəsi əsas alınmışdır.
Din - Türkiyə Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Onlardan ən geniş yayılmışı İslamdır. 1965-ci ildə aparılmış rəsmi əhali siyahıya almasının elan olunmuş nəticələrinə əsasən ölkədə o zaman yaşayan 31.391.421 nəfər əhalinin 31.129.854 nəfəri müsəlman (həmçinin 206.825 nəfər xristian, 45.995 nəfər iudaist, 2.746 nəfər digər dinlər, 613 nəfər dinsiz, 2.494 nəfər bilinmir) olduğunu bəyan etmişdir.
Türkiyədə ən geniş yayılmış din İslamdır və müxtəlif məlumatlara əsasən ölkə əhalisinin 99.8%-i müsəlmanlardan ibarətdir. Ancaq bəzi digər mənbələrdə bu məlumat fərqlilik göstərir və 96.4% olaraq göstərilir. Ümumilikdə nəzər saldıqda Türkiyə rəsmi dini olmayan bir dövlətdir və ölkənin konstitusiyasında da bu özünü Türkiyə vətəndaşı olan hər bir kəsin din və vicdan azadlığında təzahür edir. Ölkə ərazisində ümumilikdə məscid sayı isə 80.000-dən çoxdur.
Türkiyə torpaqlarında müsəlman olmayanların sayı 1914-cü ildə 19% olduğu halda bu sayı 1927-ci ildə 2.5%-ə düşmüşdür. Müasir dövrdə ölkədə katoliklər və ortodokslar da daxil olmaqla müxtəlif məzhəblərdən 120.000 xristian vardır ki, bu da ölkə əhalisinin 0.2%-dən daha azdır. Ölkədə açıq olan kilsə sayı isə 236-dır. İstanbul şəhəri 4-cü əsrdən bu yana Şərq Ortodoks Kilsəsinin mərkəzi hesab olunur.
Türkiyə ərazisində yaşayan yəhudi sayısı isə 26.000 hesablanmışdır. Türkiyədə ilk yəhudilər e.ə. 5-ci əsrdən etibarən məskən salmışlar. Sonradan 20-ci əsrdəki miqrasiyalara baxmayaraq hələ də az da olsa, ölkədə yəhudi əhali qalmaqdadır.
Tarix
Qədim dövr - Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Türklərin Anadoluya gəlişi isə XI əsrə təsadüf edir. 1071-ci ildə Malazgird döyüşündə Bizansı məğlub eden səlcuqlular paytaxtı İznikdə olan türk dövlətinin əsasını qoydular. XIII əsrin sonlarında səlcuqluların zəifləməsi fonunda Anadolunun şimal-qərbində qərar tutun osmanoğulları güclənməyə başladılar. 1299-cu ildən başlanmış proseslər nəticəsində 1326-cı ildə mərkəzi Bursa şəhəri olan yeni siyasi idarəçilik forması - Osmanlı quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə köçürüldü. Daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Dünya tarixində Osmanlı İmperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (Osmanlı İmperiyasının üç qitədə torpaqları olmuşdur) biri hesab olunur.
Cumhuriyyət dövrü - Türk süvari birliklərinin İzmirə girişi
XIX əsrin sonlarında zəif idarəçilik,imperiya tərkibində seperatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyəti İmperiyanı hədsiz zəiflətdi. Zəifləməkdə olan İmperiya Birinci dünya müharibəsini uğursuzluqla başa vurdu. Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlı Türkiyəsinin bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 may 1919-cu ildə yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə professional hərbiçi Mustafa Kamal Atatürk paşanın başçılğı ilə Azadlıq hərəkatı başlandı.
İkinci dünya müharibəsi başlayanda Qərb dövlətləri SSRİ ilə Almaniyanı Türkiyə vasitəsilə toqquşdurmağa can atırdılar. Buna görə də Türkiyə Sovet hökümətinə də qarşılıqlı yardım haqqında müqavilə imzalamağı təklif etdi. SSRİ bu müqavilə vasitəsilə İngiltərə və Fransa ilə əlaqə yarada bilərdi. Lakin özünü bitərəf elan edən SSRİ bu təklifi rədd etdi. O, əvəzində Türkiyəyə Qara dəniz və boğazlar rayonunda qarşılıqlı yardım haqqında ikitərəfli saziş təklifini irəli sürdü. Türkiyə isə bu təkliflə razılaşmadı. 1939-cu il oktyabrın 19-da Türkiyə İngiltərə və Fransa ilə qarşılıqlı yardım haqqında hərbi müqavilə imzaladı. Müqaviləyə görə, Aralıq dənizi zonasında hər hansı bir təcavüz aktı törədildikdə Türkiyə bu dövlətlərlə səmərəli əməkdaşlıq öhdəliyini öz üzərinə götürürdü. Bununla da o, Almaniya ilə müharibə vəziyyətində olan ingilis-fransız blokuna qoşulmuş oldu. SSRİ üzerinə hücum edənə qədər Almaniya tərəfindən Avropanın əksər hissəsinin işğal edilməsi Türkiyəni narahat etməyə bilməzdi. 1940-cı ilin fevralında Türkiyə Böyük Millət Məclisi "Milletin müdafiəsi haqqında" qanun qəbul etdi. Bu qanuna görə hökümətə iqtisadiyyatı hərbi rels üzərinə keçirmək və hərbi dövrün ordusunu yaratmaq üçün fövqəladə səlahiyyətlər verilirdi.
İkinci dünya müharibəsi dövrü - 1941-ci ildə Türk əsgəri tərəfindən Ayasofya Muzeyinin minarəsindən yerləşdirilən MG08 pulemyotu.
1941-ci il iyunun 18-də isə Türkiyə höküməti Almaniya ilə dostluq va hücum etməmək haqqında müqavilə imzaladı. Almaniya SSRİ-yə hücum etdikdən sonra, iyunun 25-də Türkiyə özünün bitərəfliyini elan etdi. Müharibə illərində qəbul edilmiş "Millətin müdafiəsi haqqında" qanuna əsasən hökümət əmək mükəlləfiyyəti tətbiq etdi. Müəssisələrdə iş günü uzadıldı. Türkiyə bitərəf ölkə kimi müharibə edən tərəflərlə, xüsusən həm Almaniya, həm də ABŞ və İngiltərə ilə iqtisadi əməkdaşlığı davam etdirdi. Mis, pambıq, dəri, yun, tütün, meyvə ixrac edənlər və taxıl, parça, maşın avadanlığı idxal edənlər həm Almaniya ilə, həm də ABŞ və İngiltərə ilə ticarət əlaqələri saxlayırdılar. Türkiyə həmçinin Almaniya və onun müttəfiqlərini strateji xammal, meyve qurusu və s. ilə təchiz edirdi.
1941-1942-ci illərdə Türkiyə ixracatının yarıdan çoxu Almaniyanın payına düşürdü. Ölkədə bir milyonluq ordunun saxlanması hərbi xərcləri artırırdı. Bu isə iqtisadi vəziyyəti daha da ağırlaşdırırdı. Dənli bitkilərin əkin sahələrinin azaldılması və məhzuldarlığın yarıya qədər aşağı düşməsi kəskin ərzaq qıtlığı yaratmışdı. Çörəyin bazar qiyməti sürətlə artmışdı. Hökümət iri şəhərlərdə talon sisteminə keçməyə məcbur olmuşdu. Ərzaq məhzulları və geniş tələbat olan malların çatışmamazlığı ölkədə bahalığın artmasına səbəb olmuşdu. Bütün bunlar isə zəhmətkeş kütlənin var-yoxdan çıxmasına va aclığa gətirib çıxarmışdı.
Avropalı dövlətlərlə müttəfiqlik - 1942-ci ildə qəbul olunmuş qanuna əsasən əmlak üzərinə fövqəladə vergi qoyulmuşdu. Vergini ödəməyənlərin əmlakı müsadirə olunurdu. Hökumət, həmçinin kəndlilərin taxıl ehtiyatını müsadirə edir ve məhzulun 20-50%-nin aşağı qiymətlə dövlətə satılmasını məcburi surətda tətbiq edirdi. Müharibə illərində Türkiyədə bəzi qanunlara əlavələr edilmişdi. Polis xidməti haqqında qanunda polisə istədiyi vaxt hər hansı bir şəxsi həbs etmək hüququ verilmişdi. İstanbul, Çanaqqala, Qocaeli, Ədirne, Qırxlareli və Tekirdağda fövqəladə, Sovet İttifaqı ila sərhəd olan vilayətlərdə isə hərbi vəziyyət elan olunmuşdu. Türkiyənin bəzi hakim dairələrinin faşistpərəst siyasəti ölkənin mütərəqqi qüvvələrinin müqavimətinə rast gəldi. Gələcəkdə təcrid olunmamaq və ölkə ictimaiyyatinin narazılığını aradan qaldırmaq məqsədilə Türkiyə höküməti 1944-cü il avqustun 2-də Almaniya ilə diplomatiK əlaqələri kəsdi. İngiltərə və ABŞ gələcək planlarında Türkiyəyə böyük əhəmiyyət verirdilər. 1943-cü ilin sonunda ABŞ prezidenti Franklin Delano Ruzvelt va İngiltərənin baş naziri Çörçill Qahirədə Türkiyə prezidenti İsmət İnönü ilə görüşdülər. Görüşdə Türkiyənin Balkanlarda müharibədə iştirakı məsələsi müzakirə olundu. Lakin 1944-cü ilin payızında Balkan dövlətlərinin Sovet ordusu tərəfindən işğalçılardan azad edilməsi ingilis-amerikan planını pozdu. Onlar yalnız Yunanıstanda köhnə rejimi xilas edə bildilər. ABŞ və İngiltərənin təhriki ilə Türkiyə 1945-ci ilin fevralında Almaniya və Yaponiyaya müharibə elan etdi. Bu addım simvolik səciyyə daşısa da, Türkiyəni beynalxalq aləmdə təcrid olmaqdan xilas etdi
Siyasət - 1919 -1923-cü illərdə Mustafa Kamal Paşa (Atatürk) rəhbərliyində həyata keçirilən İstiqlal Mubarizəsi nəticəsində Türkiyə öz müstəqiliyyini bərpa etdi, prosesin yekun mərhələsində isə rejim dəyişikliyi reallaşdırıldı, monarxiya cumhuriyyətlə əvəzləndi.
İqtisadiyyat - Qurtuluş illərində Osmanlı Dövlətinin çöküş vaxtında savaş məğlubiyyətləri keçmişiylə başlayan Türkiyə iqtisadiyyatı 1923-cü ildən sonrakı illərdə ağır vəziyyətdə idi. İstanbul və İzmirdən başqa digər heç bir sənaye şəhəri və təhsil mərkəzi mövcud deyildi. Ən həyati vacib məhzullar belə ölkədə istehsal olunmurdu. 12 milyonluq əhalinin əksəriyyəti,ilk növbədə yoxsul insanlar,savadsız idi.Anadoludaki böyük torpaq sahibləri də sənaye burjaziyasını yaratmaqda maraqlı deyildilər.Hazırda Türkiyənin qarşısında 2023-cü ilədək dünyanın on ən böyük iqtisadiyyatından birinə sahib olmaq hədəfi var.
Ordu - 21 noyabr 2011-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələr Komandanlığının açıqladığı rəsmi rəqəmlərə əsasən TSQ-nin şəxsi heyəti 720 min nəfər (666.576 hərbi personal və 53.424 mülki işçi) olmuşdur . 3 yanvar 2012-ci il tarixinə olan ən son rəsmi elan olunmuş xəbərə əsasən TSQ-nin şəxsi heyəti 8.241 nəfər azaldılmışdır və hazırda şəxsi heyətin sayı 711.759 nəfərdən ibarətdir .
Təhsil - Quruluş illərində yığılan 12 milyon əhalinin çoxu oxuma-yazma bilmirdi. Günümüzdə bu səviyyə 97%-si oxuma-yazma bilir. Türkiyə təhsil sistemi, 8 illik vacib təhsilə əsaslanır. Daha sonra, 4 illik orta təhsil sistemi var. Universitetə keçid "Tələbə Seçmə Sınağı" vasitəsi ilə həyata keçirilir. Genişlənmiş təhsil sistemləri bazasında xalq təhsili mövcuddur. Açıq təhsil sistemi də çox vaxt şagird tərəfindən işlədilməkdədir.